|
Türkiyə ilə Azərbaycan arasında dövlət qulluğu sahəsində “2010-2011-ci illər üçün Fəaliyyət Proqramı” imzalandı |
|
|
|
21.12.2009 |
2009-ci il 20 dekabr tarixdə Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsinin rəhbəri Mehmet Tekinarslanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasına rəsmi səfərə gəlmişdir. Nümayəndə heyətinə Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsi rəhbərinin müavini Şaban Talaş və digər rəsmi şəxslər daxildirlər. Səfərdə məqsəd “Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət qulluğunun idarə olunmasının inkişafı və dəstəklənməsi sahələrində əməkdaşlıq Protokolu” çərçivəsində hazırlanmış “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsi arasında 2010-2011-ci illər üçün əməkdaşlıq üzrə Fəaliyyət Proqramı”nı imzalamaq və Azərbaycan Respublikasının dövlət qulluğu sistemi ilə yaxından tanış olmaqdır.
“2010-2011-ci illər üçün əməkdaşlıq üzrə Fəaliyyət Proqramının” imzalanma mərasimi bu gün - 2009-ci il 21 dekabr tarixdə saat 12:00-da “Azadlıq” Qonaq Evinin Konfrans zalında keçirilmişdir. Sənədi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov və Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsinin rəhbəri Mehmet Tekinarslan imzalamışlar.
“Fəaliyyət Proqramı” qarşılıqlı səfərləri, təlim kursları və seminarların keçirilməsini, məlumat mübadiləsini və dövlət qulluğu sahəsində qarşılıqlı maraqlara uyğun olan digər məsələləri əhatə edir. |